Mədəniyyət sabitlik faktoru kimi

Müasir dövrdə mədəniyyətin sabitlik funksiyası onun tükənməz ictimai-siyasi əhəmiyyətini daha da artırır. Buna baxmayaraq "görünməyən qüvvələr" tərəfindən bizi mədəniyyətin məhz bu mahiyyətindən sanki uzaqlaşdırmasına cəhdlər göstərilir. Fikrimi davam etdirərək diqqətinizə çatdırmaq istərdim ki, sərt iqtisadi münasibətlər, sürətli və idarə olunmayan informasiya axını, həmçinin vətəndaş cəmiyyətinin ilkin əsaslarının formalaşması fonunda mədəniyyətə yalnız əyləncə və asudə vaxtın təşkili sahəsi kimi baxılması qəbul edilməzdir. Mədəniyyətə belə bir baxış və bu cür yanaşma bütöv bir xalqın mədəni özünəməxsusluğunun tamamilə itirilməsinə səbəb ola bilər. Bir qədər sərt səslənsə də, hər hansı bir xalqın mədəni özünəməxsusluğunun itirilməsi isə - sonun başlanğıcıdır.
Şübhəsiz, Qərbin əsas siyasi strateji məqsədlərindən biri məhz qloballaşmadır. Qloballaşma özünəməxsusluğun silinməsi və mənəvi dəyərlərin aşınması ilə "kütləvi mədəniyyətin" hökm sürdüyü vahid informasiya və mədəniyyət məkanının formalaşmasına xidmət edir. Beləliklə, öz ilkin mahiyyətini itirən milli özünüdərk və milli kimlik zamanla "kütləvi mədəniyyət"lə əvəz olunacaq. Bizim mədəni-mənəvi ehtiyaclarımız isə sərbəst yayımlanan və kütləvi tirajlanan müxtəlif informasiya mənbələri vasitəsi ilə əlçatan "gündəlik tələbat malları" ilə təmin ediləcək.
Nəhəng siyasi texnologiya olan qloballaşma ideyasının müəllifləri məhz belə bir məqsəd güdürdülər. Bəlkə də çox sərt ifadə edirəm, ancaq qloballaşma - elə əsl müdaxilədir. Qloballaşma ideyası düşüncələrə hopdurulmaqla, milli kimlik və "mədəni özünəməxsusluq" anlayışlarının siyasi aktuallıqdan "silinməsi" (çıxarılması) ilə dünyanın istənilən ölkəsinin tam müstəqilliyinin sarsıdılması çox asan olar. Bu məqsədlərin müstəqillik təcrübəsinin az və ya heç olmadığı, vətəndaş cəmiyyəti ənənələrinin hələ tam formalaşma imkanlarını tapmadığı ölkələrdə həyata keçirilməsi isə ikiqat asandır.
Bir sıra Qərb müəllifləri, o cümlədən Z.Bjezinski dəfələrlə etiraf edir ki, bütün dövrlərdə mədəniyyət Ağ Evin geosiyasi məqsədlərinin reallaşdırılması üçün əsas effektiv vasitələrdən biridir. Əslində, dünyanın aparıcı ölkələrinin geosiyasi strategiyalarının reallaşdırılmasında mədəniyyət xalqların şüuru və qəlblərinə hakim olmaqla milli-mənəvi dəyərlərinin dəyişilməsinə, iqtisadi ekspansiya isə ölkənin xarici asılılığının dərinləşdirilməsinə xidmət edir.
Unutmaq olmaz ki, zəngin və güclü mədəniyyət - cəmiyyətin ideal özünütəşkil mexanizmidir, bu isə öz növbəsində bütövlükdə cəmiyyətin və dövlətin əvəzolunmaz inkişaf mənbəyidir. Ona görə də "mədəniyyət"in ancaq əyləncənin təşkili sahəsinə çevrilməsi, dövlətin ideoloji əsası olan milli birlikdən könüllü olaraq imtina etmək deməkdir.
Bu kontekstdə bir qədər də irəli gedərək, bir məsələni diqqətinizə çatdırmaq istərdim. Qərbin müxtəlif informasiya kanalları vasitəsi ilə apardığı aqressiv təbliğat nəticəsində təhrif olunmuş müvafiq sosial-siyasi stereotiplərin formalaşmasına müvəffəq olmuşdur. Nəticədə hətta "milli ruh" anlayışının istifadə olunması belə bildiyiniz kimi bu gün radikalizmin təzahürü kimi qiymətləndirilir və KİV-də çox kəskin şəkildə tənqid olunur. Milli kimlik və özünəməxsusluğun inkişafı və qorunması üçün mədəniyyətə ehtiyac duyulduğu zaman istənilən, hətta ən kiçik "milli vurğu" faktiki olaraq, dərhal tənqid və ittihamlarla qarşılaşır.
Yuxarıda göstərilənlərə əsasən qeyd edə bilərik ki, güclü və zəngin mədəniyyət sabitlik və özünü təşkilatlandırma faktoru kimi çıxış edə bilər və yaxud əksinə. Əgər bu mülahizə ilə razısınızsa o zaman xalqın zəif mədəni təməli onun tam suveren mövcudluğuna potensial təhlükə mənbəyi olması qənaətinə gəlmiş oluruq. Məhz bu səbəbdən strateji baxımdan mədəniyyətin inkişafın mənbəyi və cəmiyyətin özünütəşkilinin effektiv vasitəsi kimi qəbul etmək lazımdır.
Mədəniyyətin inkişafı cəmiyyətin inkişafının təminatıdır. Eyni zamanda fikrimcə ictimai şüurun modernləşməsi proseslərinin harmoniyasını məhz mədəniyyət təmin edə bilər. Bir anlıq təsəvvür edin ki, dövlət tərəfindən elmi-texniki tərəqqi (əsasən yeni texnologiyaların alınması hesabına) "idxal" edilir, mədəniyyət isə durğunluq vəziyyətindədir. Bu cür arzuolunmaz mənzərə inkişafın yalnız yamsılanmasıdır.
Hesab edirəm ki, keyfiyyətli modernləşmə ilk növbədə mədəniyyət və mədəni mexanizmlər vasitəsi ilə ictimai şüurda başlamalı və "mədəniyyət" davamlı inkişaf mənbəyi kimi qəbul edilməlidir. Bununla yanaşı, mədəniyyətə istehlakçı yanaşma üsulundan imtina edərək ictimai şüurda mədəniyyətin rolunun yenidən dəyərləndirilməsini nəzərdə tutan yaradıcı paradiqma hazırlanmalıdır. Beləliklə "mədəniyyət" müsbət dəyişikliklərin müəyyən mənada təbii mühərriki, habelə artıq gerçəkləşdirilmiş hədəflərin qorunması və möhkəmləndirilməsində əsas vasitə rolunu oynamaqla stabil inkişafın mənbəyidir.
Sonda fikrimi yekunlaşdıraraq bildirmək istərdim ki, bizi əhatə edən sosial-siyasi və iqtisadi reallıqlar mədəniyyət və mədəni hadisələrin qavranılması prosesini yenidən dəyərləndirməyə vadar edir. Əks təqdirdə "mədəniyyət" öz siyasi əhəmiyyəti və sosial-iqtisadi aktuallığını itirmək təhlükəsi ilə üzləşə bilər.
Asif Usubəliyev,
Siyasi elmlər üzrə fəlsəfə doktoru 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə