ABŞ Konqresinin kitabxanasında Azərbaycan mətbəxinə səyahət

Novruz bayramına həsr olunan silsilə tədbirlər çərçivəsində Vaşinqtonun ən tanınmış məkanlarından olan Konqresin Tomas Cefferson adına kitabxanasında ABŞ-dakı səfirliyimizin və kitabxananın regional bölməsinin dəstəyi ilə həmvətənimiz Fəridə Buyuranın “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” (Pomegranates and Saffron: A Culinary Journey to Azerbaijan) kitabının rəsmi təqdimat mərasimi keçirilib.
Sözügedən tədbir kitabxananın möhtəşəm Şimal-Şərq pavilyonunda baş tutub. Tədbirdə xarici ölkələri təmsil edən diplomatlar, kitabxananın ziyarətçiləri, həmçinin Amerikada yaşayan həmvətənlərimiz iştirak ediblər.
2014 və 2015-ci illərdə ABŞ-dakı səfirliyimiz və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə iki dəfə işıq üzü görən sözügedən kitab Amerika ictimaiyyətinə təqdim edilən ölkəmizin mətbəxinə həsr edilmiş ilk nəşrdir.
Beş böyük beynəlxalq mükafata layiq görülmüş 317 səhifədən ibarət kitabda oxuculara milli yeməklərimizin Qərb ölkələri şəraitində hazırlanması üçün uyğunlaşdırılmış reseptləri təklif olunur. Kitaba, həmçinin Fəridə Buyuranın məşhur azcookbook.com bloqundan seçilmiş reseptlər də daxil edilib. Bundan başqa, nəşrdə Azərbaycan mədəniyyəti haqqında hekayələr, ölkəmizin mətbəxinin tarixi, milli bayramlar barədə məlumatlar da yer alıb.
Tədbirdə kitabxananın Afrika və Yaxın Şərq bölməsinin rəhbəri Meri-Ceyn Dib və Türkiyə üzrə mütəxəssis Coan Viks çıxış edərək kitab və Azərbaycan mədəniyyəti barəsində öz təəssüratlarını bölüşüblər. Çıxışlarda Novruz bayramının tarixinə və bu bayramı qeyd edən xalqlara, onların ənənələrinə xüsusi diqqət yetirib.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov tədbirdə çıxış edərək Fəridə Buyuranın müəllifi olduğu kitabın ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini və ən əsası ləziz mətbəxini əks etdirdiyini qeyd edib. Novruz bayramının qədim tarixi barədə məlumat verərək, bayramın böyük coğrafi məkanda müxtəlif xalqları birləşdirən qədim ənənə olduğunu bildirib.
Daha sonra kitab müəllifi tərəfindən qonaqlara Azərbaycan milli mətbəxinin tarixi barədə ətraflı məlumat verilib.
Ölkəmizin müxtəlif bölgələrinin özünəməxsus mətbəxlərinin xüsusiyyətləri barədə danışan F.Buyuran Azərbaycanın müxtəlif ənənələri bir araya gətirən zəngin mədəniyyətə sahib olduğunu qeyd edib.
Fəridə Buyuranın çıxışı tədbirin çoxsaylı iştirakçıları tərəfindən böyük maraq və diqqətlə qarşılanıb.
Sonda qonaqlara Azərbaycan milli mətbəxinin yemək və şirniyyatlarından ibarət müxtəlif təamlar təqdim olunub. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə